Finss.az - Müasir iqtisadi rəqabət yalnız sənaye potensialı ilə deyil, bilik və ondan səmərli istifadə, başqa sözlə, intellektual imkanların tətbiqi ilə müəyyən edilir. Bilik iqtisadiyyatı sənaye dövrünün mümkünsüz hesab etdiyini mümkün edir və reallaşdırır. Təbii ki, bilik iqtisadiyyatının irəli sürdüyü həll yolları bazarlarda yeni tendensiyaların formalaşmasına gətirib çıxarır. Sənaye dövründən fərqli olaraq, daha sürətli böyümə fürsətləri, daha çevik qloballaşma imkanları investorları yeni bazar və ya sektorlara yönəldir. Beləliklə, bilik iqtisadiyyatı dördüncü sənaye inqilabının lokomotivi kimi innovasiya ekosistemini irəli aparır və əlavə dəyər yaradır. Təbii ki, bu vəziyyət innovativ təşəbbüslərə investisiyaların cəlbinin artması ilə müşahidə olunur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov bildirib ki, son illərdə dünyada vençur kapitalı (VC) təkcə startapların maliyyələşmə aləti deyil, həm də qlobal innovasiya dalğasının əsas aparıcı qüvvəsinə çevrilib. Göstəricilər də bunu təsdiqləyir. Belə ki, dünyanın ən böyük beynəlxalq audit və konsaltinq şəbəkələrindən biri kimi tanınan KPMG-nin “Venture Pulse” hesabatına görə, 2024-cü ildə qlobal VC investisiyaları 368 milyard dollara çatıb, bu isə 2023-cü illə müqayisədə 5 faizdən çox artım deməkdir. Yəni, bütün qeyri-müəyyənliklərə – geosiyasi gərginliklərə, iqtisadi çətinliklərə baxmayaraq, kapital hələ də yeni ideyaların arxasınca gedir. Başqa sözlə, investorlar maliyyə resurslarını genişləndirmək üçün risk sərmayəsinə getdikcə daha çox maraq göstərirlər.

Dünyada VC investisiyalarının pay bölügüsünə görə, ən böyük pay həmişəki kimi ABŞ və ümumilikdə Amerika qitəsinə məxsusdur. Burada təkcə süni intellektə yönəlmiş milyardlarla dollar vəsait bazarın necə dəyişdiyini göstərir. 2024-cü ildə ABŞ və digər Amerika ölkələrində VC investisiyalarının həcmi 221,7 milyard dollara çatıb. Avropa isə nisbətən daha konservativdir. Avropa bazarının 62 milyard dollarlıq sərmayə həcmi regionun həm potensialını, həm də məhdudiyyətlərini ortaya qoyur. Ötən il Asiya-Sakit Okeanı regionunda isə VC investisiyası 78,8 milyard dollar olub. Çin və Hindistanda isə qlobal bazarlarda müəyyən təzyiqlərlə üzləşsə də, regionun innovasiya ekosistemində əsas oyunçular olaraq qalırlar.
İsa Qasımovun sözlərinə görə, diqqəti cəlb edən əsas məqamlardan biri süni intellekt sahəsinə marağın kəskin artmasıdır. 2024-cü ildə meqa-raundların (100 milyon dollardan yuxarı sərmayələrin) böyük hissəsi məhz süni intellekt startaplarına yönəlib. “OpenAI”, “Anthropic” və digər “yeni nəsil” texnologiya şirkətlərinin sürətlə dəyər qazanması da bunun nəticəsidir.
Qafqaz və Orta Asiya regionuna gəldikdə, burada VC bazarı formalaşma mərhələsindədir. Qazaxıstan və Özbəkistanda dövlət proqramları və beynəlxalq fondların dəstəyi ilə startap ekosistemi formalaşır, lakin VC sərmayələrinin həcmi hələ yüz milyonlarla dollar səviyyəsindədir. Gürcüstan və Ermənistanda da texnologiya təşəbbüsləri artır, lakin kapital həcmi məhduddur.
Azərbaycan isə bu sferada yeni oyunçu kimi çıxış edir. Son illərdə texnoparkların yaradılması, startap inkubatorlarının fəaliyyəti və dövlət dəstəyi ilə innovasiya ekosistemi formalaşır. Lakin sərmayə həcmi hələ ki, bazara lokomotivlik edə bilmir. Yerli bazarda investorların marağı əsasən rəqəmsal həllərə, kənd təsərrüfatı texnologiyalarına və enerji səmərəliliyinə yönəlir. Bununla yanaşı, Azərbaycanlı VC-lər qlobal bazarlara da maraq göstərirlər.
Görünən odur ki, Azərbaycanın vençur kapital bazarı hələ başlanğıc mərhələsindədir. Amma bu, eyni zamanda böyük fürsət deməkdir. Xarici investorların cəlb edilməsi, dövlət dəstəyinin davamlılığı və regional əməkdaşlıq sayəsində ölkə yaxın illərdə regionda innovasiya mərkəzinə çevrilə bilər. Qlobal təcrübə göstərir ki, belə transformasiya bir neçə ildən çox vaxt aparmaya bilər. Burada əsas odur ki, ekosistem dəstəklənsin və beynəlxalq kapital üçün əlverişli şərait yaradılsın.
Beləliklə, vençur kapitalı dünyada yeni texnoloji dalğaları artırır. Azərbaycanda bu bazar hələ formalaşma mərhələsindədir. Lakin real nümunə və uğurlar da mövcuddur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan "Enterprise Azerbaijan" portalının məqsədi ölkənin investisiya cəlbediciliyini yüksəltmək və iqtisadiyyatının inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. Bu baxımdan “Enterprise Azerbaijan” portalının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Startap School” layihələri əlavə dəyər yaradan layihələrin inkişafına və müvafiq investisiyaların cəlb edilməsinə spesifik imkanlar açır. Belə ki, “Startap School 3” layihəsi çərçivəsində keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramında Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qırğızıstan və Cənubi Koreyadan qəbul edilmiş 126 startapın inkişafı dəstəklənir. Sözügedən akselerasiya proqramının cari il noyabr ayının 21-də keçiriləcək “Demo Day” tədbirində isə ABŞ, Türkiyə, Malta, Pakistan, Çin və Azərbaycanda fəaliyyət göstərən vençur fondlarının nümayəndələrinin iştirakı razılaşdırılıb.
Beləliklə, “Enterprise Azerbaijan” portalı növbəti dəfə regionun startap ekosistemində canlanma və rəqabət yaradaraq investorların diqqətini cəlb edir, vençur fondlarına yeni layihələrin təqdim olunması üçün gənc komandalara fürsət verir.