Finss.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2025/26 məhsul ili üçün qlobal taxıl istehsalı proqnozunu 2 milyard 961 milyon ton səviyyəsində qiymətləndirib. Bu, təşkilatın iyul ayında verdiyi əvvəlki proqnozdan 35,6 milyon ton və ötən mövsümün göstəricisindən 3,5% çoxdur.
FAO-nun son aylıq icmalında qeyd olunur ki, bu artım əsasən qaba taxıl məhsuldarlığının yüksəlməsi ilə bağlıdır. Yenilənmiş proqnoza görə, qaba taxıl (xüsusilə qarğıdalı) istehsalı 1 milyard 601 milyon ton olacaq. Bu, əvvəlki mövsümə nisbətən 88,6 milyon ton və ya 5,9% artım deməkdir.
Bu artımın əsas səbəbi kimi ABŞ-da qarğıdalı istehsalının artması göstərilir. Eyni zamanda, Braziliya və Meksikada da qarğıdalı məhsulu üzrə proqnozlar yüksəldilib. Əksinə, Avropa İttifaqında (Aİ) davam edən quraqlıq səbəbindən məhsul təxminləri azaldılıb.