Finss.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Apple, Hindistan bazarında satışlarını rekord səviyyəyə çatdıraraq 2025-ci maliyyə ilində təxminən 9 milyard dollarlıq gəlir əldə edib. Bu göstərici illik müqayisədə 13% artım deməkdir və Hindistanın Apple üçün yüksələn bazar statusunu təsdiqləyir.
Bloomberg-ə danışan mənbələrin bildirdiyinə görə, bu gəlir mart ayında başa çatan 12 aylıq dövr üçün hesablanıb. Ötən il bu rəqəm 8 milyard dollar idi. Artımın əsas səbəbləri sırasında Apple-ın Hindistandakı pərakəndə satış şəbəkəsinin genişləndirilməsi və istehlakçı tələbinin artması göstərilir.
Apple satışlarının böyük hissəsini iPhone modelləri təşkil etsə də, MacBook kompüterlərinə olan maraq da yüksəlir. Şirkət Hindistanı gələcək üçün strateji bazar hesab edir və bu ölkəyə sərmayəni artırır.
Qlobal durğunluq fonunda Hindistandakı artım
Apple üçün bu uğur qlobal smartfon bazarında müşahidə olunan durğunluq fonunda mühüm əhəmiyyət kəsb edir. İstehlakçıların mobil cihazlara tələbi bir çox ölkədə azalmaqda olduğu halda, Hindistan bazarındakı genişlənmə şirkətin beynəlxalq gəlirlərinə təkan verir.
Apple üçün Hindistandakı bu yüksəliş, Çində yaşanan geosiyasi qeyri-müəyyənliklər və zəif istehlak fonunda daha da diqqət çəkicidir. Şirkət Çində bu ilin ikinci rübündə gəlirlərini yalnız 4,4% artırıb. Bundan əlavə, Apple Xiaomi kimi yerli istehsalçılarla rəqabətdə bazar payını da müəyyən qədər itirib.