Finss.az - Ölkə stendində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sahibkarların dəstəklənməsi üçün mexanizmlər, biznes imkanları da ziyarətçilərin diqqətinə təqdim edilir.
Türkiyənin İstanbul şəhərində “TÜYAP Sərgi və Konqres Mərkəzi”ndə “WorldFood Istanbul 2025” - 33-cü Beynəlxalq Qida Məhsulları və Texnologiyaları Sərgisi keçirilir. 2-5 sentyabr tarixilərini əhatə edən sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan şirkətləri də məhsul və xidmətlərini təqdim edirlər.
KOBİA-nın təşkil etdiyi vahid ölkə stendində Azərbaycanın bal, quru meyvə və çərəzlər, şirniyyat məmulatları, yağlar, meyvə-tərəvəz əzmələri və s. qida məhsulları nümayiş olunur, onların hazırlanması texnologiyaları barədə sərgi ziyarətçilərinə məlumat verilir. Eyni zamanda stenddə Azərbaycan brendi olan və dünyanın aparıcı beynəlxalq tədbirləri sırasında yer alan Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” da təmsil olunur. “Caspian Event Organisers”in təşkilatçılığı, “Caspian Event Management” və “ICA Events”in tərəfdaşlığı ilə 5-8 may 2026-cı ildə keçiriləcək növbəti “InterFood Azerbaijan” Sərgisinin imkanları və potensial iştirakçılar üçün əməkdaşlıq istiqamətləri barədə stenddə məlumat verilir.
Stendimizdə KOBİA tərəfindən Azərbaycanın əlverişli biznes və investisiya mühitinin təşviqi məqsədilə ölkəmizdə sahibkarların dəstəklənməsi üçün mövcud alətlər, o cümlədən KOBİA tərəfindən təmin olunan dəstəklər, biznes üçün imkanlar barədə məlumat verilir, müxtəlif çap məhsulları təqdim edilir.
Həmçinin sərgi çərçivəsində Azərbaycan sahibkarlarının müxtəlif ölkələrdən olan iş adamları ilə görüşlər keçirməsi, yeni əməkdaşlıq və ixrac imkanlarına dair müzakirələr aparması üçün vahid ölkə stendində lazımi şərait yaradılıb.
Qeyd edək ki, hər il keçirilən “WorldFood Istanbul” sərgisi regionun nüfuzlu beynəlxalq qida sərgilərindəndir. Bu il sərgi 100-ə yaxın ölkədən 900-dən çox şirkəti bir araya gətirib.



