Neft bazarlarında qiymətlər bazar ertəsi ticarətində əvvəlki itkiləri bərpa edərək artım nümayiş etdirib. Finss.az xəbər verir ki, Moskva vaxtı ilə saat 14:48-ə Londonun ICE Futures birjasında Brent markalı noyabr fyuçerslərinin qiyməti 0,63 dollar və ya 0,93% bahalaşaraq bir barel üçün 68,11 ABŞ dolları təşkil edib.
Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabr ayı üçün WTI neftinin fyuçersləri 0,65 dollar və ya 1,02% bahalaşaraq 64,66 dollar/barel olub.
Ötən həftə ərzində neft qiymətləri nisbətən artım nümayiş etdirsə də (Brent 0,4%, WTI 0,6%), ümumilikdə avqust ayında bazarda tələbin azalması və təklifin artması gözləntiləri səbəbindən qiymətlərdə 6%-lik ucuzlaşma qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, yaxın dövrdə bazar dinamikası qlobal iqtisadi göstəricilər, ABŞ-da neft ehtiyatları və OPEC+ qərarlarından asılı olacaq.