Finss.az xəbər verir ki, çərşənbə günü dünya bazarında neftin qiymətləri enib. London ICE birjasında Brent markalı oktyabr fyuçersləri 0,18% azalaraq bir barel üçün 67,1 dollar, NYMEX-də isə WTI markalı oktyabr fyuçersləri 0,14% ucuzlaşaraq 63,16 dollar olub.
Treyderlər Ukrayna münaqişəsi ilə bağlı prosesləri yaxından izləyirlər. ABŞ prezidentinin xüsusi elçisi Steve Witkoff bildirib ki, beynəlxalq münaqişələrin, o cümlədən Ukrayna böhranının həlli ilə bağlı danışıqlar davam edir. ABŞ prezidenti Donald Tramp isə böhranın həlli üçün Rusiya və Ukraynaya tariflər tətbiq etmək imkanını istisna etməyib.
Eyni zamanda, ABŞ Hindistandan idxal olunan məhsullara 50%-lik tarif qüvvəyə mindirib. Məqsəd Hindistanı Rusiya neftindən imtina etməyə sövq etməkdir.
Ekspertlərin fikrincə, bazarda əhval-ruhiyyə mənfi olaraq qalır, çünki 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində qlobal yanacaq ehtiyatlarının artacağı gözlənilir. ABŞ-da isə ötən həftə neft ehtiyatları 974 min barrel azalıb.