BİZNES

11 Avqust

TripAdvisor-un mənfəəti 50% artdı – 2025-ci ilin II rübü uğurlu oldu

Finss.az - Onlayn səyahət xidməti TripAdvisor Inc 2025-ci ilin ikinci rübündə xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 50% artırıb.

Şirkətin yaydığı press-relizə əsasən, aprel-iyun aylarında xalis mənfəət 36 milyon dollar təşkil edib. Bu rəqəm 2024-cü ilin eyni dövründə 24 milyon dollar idi. Müvafiq olaraq səhm başına mənfəət 17 sentdən 28 sentə yüksəlib.

Düzəliş edilmiş mənfəət göstəricilərinə görə isə səhm başına gəlir 39 sentdən 46 sentə çatıb ki, bu da analitiklərin gözləntilərini üstələyib.

TripAdvisor-un ümumi gəliri isə 7% artaraq 529 milyon dollar olub. Bu artım şirkətin platformasında onlayn rezervasiyaların və reklam gəlirlərinin artması ilə əlaqələndirilir.

TripAdvisor rəhbərliyi qeyd edir ki, gəlirlərin artması əsasən istifadəçi aktivliyinin artması və texnologiyaya yatırılan investisiyaların nəticəsində əldə edilib.