BİZNES

11 Avqust

2025-ci ilin ilk yarısında Səngəçal terminalından neft və qaz ixracı azalıb – BP

2025-ci ilin ilk yarısında Azəri-Çıraq-Günəşli (AÇG)Şahdəniz yataqlarından hasil edilən neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına çatdırılıb.

Finss.az BP-yə istinadən xəbər verir ki, terminalın texniki emal gücü hazırda gündəlik 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün isə təxminən 81 milyon standart kubmetrdir. AÇG-dən alınan səmt qazı da daxil olmaqla ümumi qaz emalı və ixrac gücü gündəlik 100 milyon standart kubmetr təşkil edir.

Cari ilin ilk altı ayında terminaldan təxminən 106 milyon barel neft və kondensat ixrac olunub. Bütün həcmlər Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon barel və ya 3,6% azalıb.

Qaz ixracı əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), onun genişləndirilməsi sistemi (CQBKG) və Azəriqazın qazpaylama sistemi ilə birləşdirilən Azərbaycan qaz kəməri vasitəsilə həyata keçirilib. İlk yarımildə terminaldan gündəlik orta hesabla 74 milyon standart kubmetr “Şahdəniz” qazı göndərilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 milyon kubmetr (2,6%) azdır.

230 milyon dollarlıq elektrikləşdirmə layihəsi
İyunun 2-də Səngəçal terminalının investorları Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqləyib. Layihə çərçivəsində terminal AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün ərazidə 220/110 kV-luq elektrik yarımstansiyası da daxil olmaqla yeni infrastruktur inşa ediləcək.

STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” vasitəsilə əlaqələndiriləcək. Bu mexanizm sayəsində Cəbrayılda istehsal olunan enerji AzərEnerjiyə ötürüləcək, eyni həcmdə elektrik isə Bakı yaxınlığındakı Səngəçal terminalına çatdırılacaq. Proqnozlara görə, “Şəfəq” və STEL birlikdə terminalın istismar dövründə əməliyyat emissiyalarını 50% azalda biləcək.

Hazırda terminal enerji tələbatını yeddi qaz turbinindən təmin edir. Elektrikləşdirmədən sonra turbinlər mərhələli şəkildə söküləcək və qənaət edilən qaz ixracata yönəldiləcək.

Layihə BP tərəfindən icra olunur və iki mərhələdə yekunlaşdırılacaq: birinci mərhələ 2027-ci ilin ortalarında, ikinci mərhələ isə 2028-ci ilin sonunda tamamlanacaq.

Fuad Mədətov
Finss.az