2025-ci ilin ilk yarısında bp və tərəfdaşlarının Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat xərcləri təxminən 36 milon ABŞ dolları, əsaslı xərcləri isə 12 milyon ABŞ dolları təşkil edib.
Finss.az bp-yə istinadən xəbər verir ki, əməliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon dollar (3,5%) azalıb, əsaslı xərclər isə 4 milyon dollar (50%) artıb.
CQBK 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını nəql edir. Boru kəmərinin genişləndirilməsi (CQBKG) sistemi vasitəsilə kommersiya qaz həcmlərinin Türkiyəyə nəqli 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabrında başlayıb.
Cari ilin yanvar-iyun aylarında CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr olub.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) səhmdarları aşağıdakılardır:
- bp – 29,99%
- Cənub Qaz Dəhlizi – 21,02%
- LUKOYL – 19,99%
- TPAO – 19,00%
- NİKO – 10,00%
Fuad Mədətov
Finss.az