2025-ci ilin ilk altı ayında Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan Azərbaycana gündəlik orta hesabla təxminən 8 milyon kubmetr müşayiətedici qaz təhvil verilib ki, bu da ümumilikdə 1,5 milyard kubmetr qaz deməkdir.
Finss.az bp-yə istinadən xəbər verir ki, qaz əsasən Səngəçal terminalına və SOCAR-ın Neft Daşları obyektinə yönləndirilib. İstehsalın qalan hissəsi isə lay təzyiqinin saxlanılması məqsədilə yenidən yeraltına vurulub.
Ötən ilin eyni dövründə bu göstərici gündəlik orta hesabla 6,4 milyon kubmetr təşkil edib. Beləliklə, illik müqayisədə Azərbaycana verilən müşayiətedici qazın həcmi 25 faiz artıb.
Hesabat dövründə AÇG-dən gündəlik orta hesabla 327 min barrel neft hasil olunub. Bu, ümumilikdə 59 milyon barrel və ya 8 milyon ton neft deməkdir. Hasilat aşağıdakı platformalar üzrə qeydə alınıb:
* Çıraq – 21 min b/g
* Mərkəzi Azəri – 86 min b/g
* Qərbi Azəri – 75 min b/g
* Şərqi Azəri – 42 min b/g
* Dərin Sulu Günəşli – 54 min b/g
* Qərbi Çıraq – 24 min b/g
* ACE (Azəri Mərkəzi Şərq) – 25 min b/g
AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinə uyğun olaraq, “BP Exploration (Caspian Sea) Limited” Podratçı Tərəflər adından operator funksiyasını həyata keçirir.
Yataqda iştirak paylarının bölgüsü isə belədir:
* bp – 30,37%
* SOCAR – 31,65%
* MOL – 9,57%
* INPEX – 9,31%
* ExxonMobil – 6,79%
* TPAO – 5,73%
* ITOCHU – 3,65%
* ONGC Videsh – 2,92%
Fuad Mədətov
Finss.az