BİZNES

08 Avqust

Azərbaycan-Gürcüstan arasında ticarət dövriyyəsi 25,1% artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 377,2 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 79,5 milyon dollar və ya 25,1% çoxdur.

Hesabat dövründə Gürcüstanla aparılan ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,62%-ni təşkil edib. Cari ilin ilk altı ayında Azərbaycandan Gürcüstana 329,7 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 57,4 milyon dollar və ya 21,1% artım deməkdir.

Eyni zamanda, Gürcüstandan Azərbaycana 66,2 milyon dollarlıq idxal həyata keçirilib ki, bu da illik müqayisədə 22,1 milyon dollar və ya 50% artımı göstərir.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana ixrac olunan qeyri-neft məhsullarının həcmi 154,8 milyon dollar olub və bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41 milyon dollar və ya 36,1% çoxdur. Qeyri-neft məhsullarının Gürcüstana ixracı Azərbaycanın ümumi ixracında 8,82% paya malikdir və Gürcüstan bu sahədə ölkəmizin üçüncü ən böyük ticarət tərəfdaşıdır.

Qeyd edək ki, 2025-ci ilin ilk yarısında Azərbaycan ümumilikdə 24,4 milyard dollar dəyərində xarici ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,632 milyard dollar və ya 12,1% artım deməkdir. Bu dövrdə ixrac 12,878 milyard, idxal isə 11,522 milyard dollar olub. Son bir ildə ixrac 0,2% azalmasına baxmayaraq, idxal 29,9% artıb. Nəticədə, xarici ticarətdə 1,356 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,677 milyard dollar və ya üç dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az