BİZNES

07 Avqust

Dövlət büdcəsinə daxilolmalar proqnozu üstələdi – 7 ayda 10,6 milyard manat

2025-ci ilin ilk yeddi ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar gözləntiləri üstələyib.

Finss.az xəbər verir ki, cari ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 10,6 milyard manat vəsait daxil olub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu göstərici təsdiq olunmuş proqnozla müqayisədə 598 milyon manat və ya 6 faiz artıqdır.

Eyni dövrdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 26,9 milyon manat təşkil edib ki, bu da proqnozdan 6,9 milyon manat və ya 34,4 faiz çoxdur.

Bundan başqa, sair daxilolmalar üzrə büdcəyə 488 milyon manat daxil olub. Bu göstərici proqnozla müqayisədə 323,3 milyon manat və ya 2,96 dəfə çoxdur.

Maliyyə Nazirliyinin məlumatına əsasən, dövlət büdcəsinə daxilolmalarda müşahidə edilən bu artım vergi intizamının güclənməsi və idarəetmənin optimallaşdırılması ilə əlaqələndirilir.

Fuad Mədətov
Finss.az