“SOCAR Türkiye”nin tərkibində fəaliyyət göstərən dəniz daşımaları üzrə ixtisaslaşmış “SOCAR Marine” Avropa Birliyinin emissiya ticarət sistemi (EU ETS) çərçivəsində istixana qazı emissiyalarının alqı-satqısı əməliyyatlarına başlayıb.
Finss.az şirkətin məlumatına istinadən bildirir ki, bu təşəbbüs gəmi sahibləri, operatorlar və fraxt verənlərə Avropa İttifaqı limanlarına daxil olan gəmilərin karbon emissiyalarının azaldılması üzrə öhdəliklərini yerinə yetirməyə dəstək olmağı hədəfləyir.
EU ETS qaydalarına əsasən, dənizçilik sektorunda Avropa limanlarına daxil olan bütün gəmilər müəyyən edilmiş emissiya limitlərinə riayət etməli və müvafiq karbon emissiya kvotalarını əldə etməlidirlər. “SOCAR Marine” isə sənaye iştirakçılarına bu kvotaların alqı-satqısı üzrə həllər təklif edərək logistika əməliyyatlarının fasiləsizliyini təmin edir.
Şirkət xidmət portfelini genişləndirməyi, o cümlədən bioyanacaq ticarəti, “FuelEU” təşəbbüsü çərçivəsində xidmətlər və birgə “pooling” həllərinin təşkilini planlaşdırır. Bu addımlar “SOCAR Marine”in davamlı dəniz daşımaları sahəsində lider mövqeyini daha da gücləndirəcək.