BİZNES

28 İyul

STAR zavodunda aviasiya yanacağının istehsalı 58,7% artıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR Neft Emalı Zavodunda 2025-ci ilin may ayında aviasiya yanacağının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 58,7% artaraq 199 547 tona çatıb.

Finss.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) hesabatında yer alıb. Sənədə əsasən, may ayında STAR zavodu tərəfindən 796 302 ton xam neft idxal olunub ki, bu da 2024-cü ilin may ayı ilə müqayisədə 18,2% azalma deməkdir (973 110 ton).

2018-ci il oktyabrın 19-da istifadəyə verilmiş STAR Neft Emalı Zavodu Türkiyədə neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edən ən iri sənaye müəssisələrindən biri hesab olunur. 2024-cü ilin sonundan etibarən zavodun illik emal gücü 13 milyon tona çatdırılıb.

Müəssisədə dizel, nafta və aviasiya yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal olunur. Zavodun illik nafta istehsalı isə SOCAR-ın digər Türkiyə layihəsi olan Petkim neft-kimya kompleksinin xammal tələbatını tam şəkildə qarşılayır.

Fuad Mədətov
Finss.az