BİZNES

22 İyul

Bitumlu neft məhsullarının ixracı azalıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 281,7 min ton miqdarda və 140,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları ixrac olunub. Bu məhsulların tərkibində neft və ya neft məhsullarının miqdarı 70 faizdən çox olub.

Finss.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.

Göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə azalma tendensiyası göstərir. Belə ki, ixrac miqdarı 28,9 min ton və ya 9,3%, ixrac dəyəri isə 73,2 milyon dollar və ya 34,2% azalıb. 2024-cü ilin ilk altı ayında bu məhsullar üzrə ixrac 310,6 min ton və 213,9 milyon dollar təşkil etmişdi.

2025-ci ilin ilk yarısında bu məhsulların ümumi ixracda payı 1,09% olub.

Xarici ticarətdə artım, ixracda durğunluq

Bütövlükdə, cari ilin birinci yarısında Azərbaycan xarici ölkələrlə 24,4 milyard dollar həcmində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1% və ya 2,632 milyard dollar artım deməkdir.

Ticarət dövriyyəsinin 12,878 milyard dolları ixrac, 11,522 milyard dolları isə idxal əməliyyatlarının payına düşüb. İxrac cüzi – 0,2% azalıb, idxal isə əhəmiyyətli dərəcədə – 29,9% artıb.

Nəticədə, xarici ticarət balansında 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bununla belə, bu göstərici ötən illə müqayisədə 2,677 milyard dollar və ya təxminən 3 dəfə az olub.

Fuad Mədətov
Finss.az