Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 6 milyard 400 milyon ABŞ dolları dəyərində 12 milyon 46 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Statistik göstəricilərə əsasən, cari ilin ilk yarısında ixrac dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 602,8 milyon dollar və ya 8,6% azalıb. Bununla yanaşı, ixrac edilən neftin həcmi isə 948 min ton və ya 8,5% artaraq 12 milyon tona çatıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk altı ayında ölkədən 7 milyard dollar dəyərində 11,1 milyon ton neft ixrac olunmuşdu.
İtaliya 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın neft ixracında əsas tərəfdaş olub. Belə ki, bu dövrdə sözügedən ölkəyə 3 milyard 602 milyon dollar dəyərində 6 milyon 821 min ton xam neft göndərilib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında ilk yeri tutub.
Azərbaycanın bu dövrdə neft ixrac etdiyi digər ölkələrin statistik dəyəri və ixrac həcmi yaxın günlərdə açıqlanacaq.
