BİZNES

15 İyul

Qarabağ və Şərqi Zəngəzurda hüquqi və fərdi sahibkarların ümumi sayı 101 611-ə çatıb

2025-ci ilin iyulun 1-nə olan məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 5 381 hüquqi sahibkarlıq subyekti (mikro, kiçik, orta və iri) və 96 230 fərdi sahibkar fəaliyyət göstərir.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabata əsasən, mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 4 004, Şərqi Zəngəzurda isə 941 nəfər olub. Bu, ölkə üzrə qeydiyyata alınmış mikro sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2%-ni və 0,5%-ni təşkil edir.

Kiçik sahibkarlıq subyektlərinin sayı isə Qarabağda 234 (1,9%), Şərqi Zəngəzurda isə 60 (0,5%) olub.

Hesabat dövründə Qarabağ iqtisadi rayonunda 103 orta sahibkarlıq subyekti fəaliyyət göstərib ki, bu da ümumi orta sahibkar sayının 2,4%-nə bərabərdir. Şərqi Zəngəzurda bu göstərici 21 (0,5%) təşkil edib.

İri sahibkarlıq üzrə isə Qarabağda 13, Şərqi Zəngəzurda isə 5 müəssisə qeydiyyata alınıb. Bu da ümumi iri sahibkarların müvafiq olaraq 1,3%-i və 0,5%-i deməkdir.

1 iyul tarixinə Qarabağ iqtisadi rayonunda 89 446, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 6 784 fərdi sahibkar qeydiyyatda olub. Qarabağ üzrə bu göstərici ölkə üzrə ümumi fərdi sahibkarların 6,3%-ni, Şərqi Zəngəzur üzrə isə 0,5%-ni təşkil edir.

Fuad Mədətov
Finss.az