Finss.az - Tədbir dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, biznes mühitindəki müasir çağırışlar, aktual məsələlər və əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Milli Biznes Assosiasiyası və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib. Tədbirdə qida, yükdaşıma və logistika, tikinti, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak edib.
Forumun əsas məqsədi dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, biznes mühitindəki aktual məsələləri müzakirə etmək və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparmaq olub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açılış nitqi ilə çıxış ediblər. Forumun dövlət qurumları ilə biznes ictimaiyyəti arasında dialoqu gücləndirərək tənzimləyici strukturlarla qarşılıqlı etimada əsaslanan effektiv əməkdaşlıq mühiti yaratdığı qeyd edilib. Həmçinin ölkədə sağlam və rəqabətli biznes mühitinin formalaşdırılması, keyfiyyət infrastrukturu, dövlət satınalmaları və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində görülən işlər və yeniliklər diqqətə çatdırılıb. Həyata keçirilən tədbirlərin sahibkarlara təqdim etdiyi imkanlar və dövlət-özəl tərəfdaşlığı çərçivəsində qurulan əməkdaşlıq mexanizmləri barədə məlumat verilib, sahibkarlarla birbaşa dialoqun əhəmiyyəti vurğulanıb.
Panel müzakirələri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müşavirləri Cəfər Babayev və İlqar Həsənov, həmçinin Agentliyin Aparat rəhbəri Tural İsmayılov sahibkarların suallarını cavablandırıb, irəli sürülən təkliflərə dair fikir mübadiləsi aparıblar.





