BİZNES

01 İyul

Çindən Azərbaycana yeni yük qatarı marşrutu istifadəyə verildi

Finss.az - Çindən Azərbaycana uzanan yeni yük qatarı marşrutu istifadəyə verilib.

Yeni marşrut üzrə ilk qatar bu gün Pekinin Fanşan rayonunda yerləşən beynəlxalq quru limanından yola salınıb.

Qatar Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) vasitəsilə hərəkət edəcək və 15 gün ərzində Bakıya çatması planlaşdırılır. Bu, ənənəvi dəniz marşrutu ilə müqayisədə təxminən 30 gün daha sürətli çatdırılma imkanı deməkdir.

Qatarda avtomobil hissələri, mexaniki ləvazimatlar və digər sənaye məhsulları daşınır. Yüklər öncə Çin-Qazaxıstan sərhədindəki Horqos terminalına çatdırılacaq, daha sonra Qazaxıstan ərazisindən keçərək Xəzər dənizi vasitəsilə Bakıya yönləndiriləcək.

Məlumata görə, bəzi yüklər Bakıda boşaldıldıqdan sonra Gürcüstan, Türkiyə və Serbiya istiqamətində daşınmağa davam edəcək.

Yeni marşrutun istifadəyə verilməsi regionda ticarət əlaqələrinin sürətlənməsi və Orta Dəhlizin potensialının artırılması baxımından mühüm addım hesab olunur.