Süni intellekt texnologiyaları yaxın gələcəkdə 180 milyona yaxın yeni iş yerinin yaradılmasına səbəb ola bilər.
Finss.az xəbər verir ki, bunu “Gənclərin Süni İntellekt Forumu”nda çıxış edən Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev bildirib.
O vurğulayıb ki, süni intellektdən yalnız istifadə etmək kifayət deyil, onun mərkəzində olmaq vacibdir. Gənclər bu sahədəki layihələri ilə bağlı Gənclər Fonduna müraciət edə və qrant dəstəyi ala bilərlər. “Rəqəmsallaşma sahəsində layihələrin dəstəklənməsi bizim prioritetlərimizdəndir”, – deyə Y.Vəliyev əlavə edib.
Süni intellektin məhsuldarlığa müsbət təsir göstərə biləcəyini qeyd edən mütəxəssis, bu texnologiyaların insanları tənbəlləşdirmədiyini, əksinə, vaxt aparan işləri daha sürətli və asan şəkildə icra etməyə imkan yaratdığını söyləyib.
Yusif Vəliyev həmçinin bildirib ki, süni intellekt və robototexnika 70 milyon iş yerini əlindən ala bilər, lakin bunun əvəzində 2-3 dəfə çox – təxminən 180 milyon yeni iş yeri yaradacaq.
O, süni intellektin rəqib yox, insan fəaliyyətini dəstəkləyən və məhsuldarlığı artıran texnologiya olduğunu vurğulayıb.