Azərbaycan və Özbəkistan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının infrastrukturunun genişləndirilməsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
Finss.az xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət naziri Ləziz Kudratov Bakıda keçirilən III Azərbaycan–Özbəkistan Regionlararası Forumu çərçivəsində çıxışı zamanı məlumat verib.
Nazir bildirib ki, bu razılaşma Özbəkistanın yükdaşımalarının səmərəliliyini artırmağa və nəqliyyatla bağlı riskləri minimuma endirməyə xidmət edəcək:
“Bu gün azərbaycanlı tərəfdaşlarımızla Bakı limanı vasitəsilə infrastrukturun genişləndirilməsi, daşımalara tətbiq olunan lüqotların (preferensiyaların) müddətinin uzadılması, əlavə logistik güclərin yaradılması və Xəzər dəniz donanmasının genişləndirilməsi üzrə mühüm razılaşmalara imza atdıq.”
Kudratov qeyd edib ki, bütün bu istiqamətlər üzrə artıq konkret mexanizmlər mövcuddur və tərəflər birgə şəkildə bu planların icrasına hazırdır:
“Məqsədimiz elə bir mühit yaratmaqdır ki, Özbəkistanla Azərbaycan arasında mal dövriyyəsi və yüklərin çatdırılması daha çevik və etibarlı şəkildə həyata keçirilsin.”
Bu əməkdaşlıq Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində iki ölkənin logistika sahəsində artan inteqrasiyasını və Orta Dəhlizin imkanlarının genişləndirilməsinə töhfə verəcək. Bakı limanının tranzit potensialının artırılması, Özbəkistan üçün Avropaya çıxışda strateji əhəmiyyət daşıyır.