BİZNES

21 İyun

Azərbaycan kimya sənayesi məhsulları ixracından gəlirini 45,3 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan 148,6 milyon ABŞ dolları dəyərində 479,2 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 46,4 milyon dollar və ya 45,3 %, həcm baxımından isə 54,5 min ton və ya 12,8 % çoxdur.

Hesabat dövründə kimya sənayesi məhsulları Azərbaycanın ümumi ixracında 1,35 %, qeyri-neft sektoru üzrə ixracda isə 10,56 % paya sahib olub.

Qeyd edək ki, 2025-ci ilin ilk 5 ayında Azərbaycan ümumilikdə 20,966 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 13,7 % və ya 2,527 milyard dollar çoxdur.

Xarici ticarət dövriyyəsinin 11,001 milyard dolları ixracın, 9,965 milyard dolları isə idxalın payına düşüb. Lakin ixracda 1,2 % azalma, idxalda isə 36,5 % artım müşahidə olunub.

Nəticədə, 1,036 milyard dollar məbləğində müsbət ticarət saldosu formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,801 milyard dollar və ya 3,7 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az