Ötən ilin oktyabrından “AZCON Holding”ə daxil olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 66 215,3 kVt/saat elektrik enerjisi hasil edilib.
Finss.az-ın ASCO-ya istinadən verdiyi məlumata görə, təkcə 2025-ci ilin may ayında 18 454,3 kVt/saat enerji istehsal olunub. Ay ərzində bəzi günlərdə enerji hasilatı 800 kVt/saat həddinə yaxınlaşıb.
Statistik göstəricilərə əsasən, bu müddətdə 65 946,1 kq karbon qazı emissiyasının qarşısı alınıb ki, bu da 3 638 ağacın qorunmasına bərabərdir. Eyni zamanda, 26 457,8 kq daş kömürə qənaət olunub, bu da enerji istehsalında fosil yanacaqların istifadəsini minimuma endirib.
Qeyd olunur ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda ümumilikdə 512 kvadratmetr əraziyə, hər biri 690 Vt olan 162 ədəd günəş paneli quraşdırılıb.