Finss.az - Azərbaycanın qeyri-neft sektorunun önəmli təmsilçilərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC), həm ixrac əməliyyatları, həm də yerli bazarın qiymətli metallara olan tələbatının ödənilməsi istiqamətində uğurla fəaliyyət göstərir.
2025-ci ilin yanvar-may ayları ərzində “AzerGold” QSC tərəfindən yerli bazarda 3698 unsiya qızıl və 8827 unsiya gümüşün topdan və pərakəndə satışı həyata keçirilib. Bu, qızıl satışlarında ötən ilin eyni dövrü ilə müqayisədə 171%, gümüş satışlarında isə 17% artımı göstərir.
Cari ilin ilk beş ayında qiymətli metallardan daxil olan gəlir 20.2 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə daxili satış gəlirlərində 238% artım deməkdir.
Ümumilikdə, “AzerGold” QSC-nin fəaliyyət dövrü ərzində daxili bazarda 22 453 unsiya qızıl və 135 003 unsiya gümüş satışı həyata keçirilərək, 95.4 milyon manat gəlir əldə olunub. Bu nəticələr şirkətin həm yerli bazarda güclü mövqeyini, həm də qiymətli metallara olan yüksək tələbatı əks etdirir.
