BİZNES

18 İyun

Yanvar-mayda keçirilən hərraclardan büdcəyə 68,6 milyon manat daxil olub

Finss.az - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 86,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 18 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 424 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 68,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 5 ayı ərzində 233-ü qeyri-yaşayış, 1.519-u torpaq sahələri üzrə olmaqla 1.752 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 18 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% artım qeydə alınıb.

Beləliklə, 2025-ci ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 86,6 milyon manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.

Zemfira Ms
Finss.az