Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyun sayının ilkin rəqəmlərini təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-may aylarında yeyinti məhsulları üzrə ixrac 14,4% artaraq 417.7 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-may aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon ABŞ dolları və ya 45,9%, şəkər 3 milyon ABŞ dolları və ya 30,1%, pambıq iplik 1,3 milyon ABŞ dolları və ya 14,5%, meyvə-tərəvəz 48 milyon ABŞ dolları və ya 19,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon ABŞ dolları və ya 11,3% artıb.
Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 17.2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 5,9% artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.




Zemfira Ms
Finss.az