BİZNES

11 İyun

Azərbaycan və Özbəkistan pambıq klasteri üzrə əməkdaşlığı genişləndirir

Finss.az - Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. .

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin verdiyi məlumata görə, iki ölkə arasında həyata keçirilən pambıq klasteri layihəsi çərçivəsində artıq 2 min hektar ərazidə əkin aparılıb. Bu rəqəmin yaxın gələcəkdə 6 min hektara çatdırılması planlaşdırılır.

Yusif Abdullayev bu barədə IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilmiş “Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru” adlı panel sessiyada çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda əlavə əkin sahələri hazırlanıb və yaxın günlərdə ilk məhsulun yığımı gözlənilir.

Pambıqla yanaşı avtomobil sahəsində də sıx əməkdaşlıq

Panel çərçivəsində çıxış edən icraçı direktor iki ölkə arasında sənaye əməkdaşlığının da gücləndiyini qeyd edib. Belə ki, Azərbaycan və Özbəkistanın birgə avtomobil istehsalı layihəsi çərçivəsində artıq 9 min ədəd "Chevrolet" markalı avtomobil istehsal olunub.

“Bu layihə həm 'Made in Azerbaijan', həm də 'Made in Uzbekistan' brendlərinin güclənməsinə xidmət edir. İki ölkənin birgə istehsalı regional bazarlarda rəqabətqabiliyyətli məhsulların ortaya çıxmasına səbəb olur”, – deyə Yusif Abdullayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında ticarət və sənaye sahələrində əməkdaşlıq son illərdə daha da intensivləşib. Hər iki ölkə qarşılıqlı sərmayələrin artırılması və strateji layihələrin həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atır.