BİZNES

10 İyun

Blackstone Avropaya 500 milyard dollara qədər sərmayə yatıracaq

Finss.az - ABŞ-n aparıcı investisiya şirkətlərindən biri olan Blackstone Inc., qarşıdakı 10 il ərzində Avropaya 500 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırır.

Bu barədə şirkətin baş direktoru Stiv Şvartsman Londonda fəaliyyətinin 25 illiyi münasibətilə verdiyi müsahibədə məlumat verib.

Şvartsman bildirib ki, Avropadakı yeni iqtisadi yanaşmalar və struktur islahatları bölgədə daha sürətli inkişaf üçün imkanlar yaradır. O, vəziyyəti "əlamətdar fürsət" adlandıraraq, Avropanın investisiya baxımından cəlbedici bir mərhələyə qədəm qoyduğunu qeyd edib.

“Avropada baş verən dəyişikliklər daha dayanıqlı və yüksək templə artan iqtisadi mühit yaradır. Bu da bizim üçün böyük imkanlar deməkdir,” – deyə Şvartsman bildirib.

Məlumat üçün qeyd edək ki, Blackstone artıq Böyük Britaniyaya 100 milyard dollara yaxın sərmayə yatırıb və bu ölkədəki ən iri xarici investorlardan biri sayılır. Şirkətin Londondakı ofisində 650 nəfərdən çox əməkdaş çalışır. Şvartsman Böyük Britaniya hökumətinin investisiyalara verdiyi dəstəyi xüsusi vurğulayıb və bu əməkdaşlığı yüksək qiymətləndirib.

Bu bəyanat investisiya şirkətlərinin Avropaya artan marağının daha bir göstəricisidir. Xatırladaq ki, ötən həftə Berlində keçirilmiş SuperReturn International konfransında BC Partners, PermiraBrookfield Asset Management kimi nəhəng maliyyə qurumlarının rəhbərləri də Avropanı risklər fonunda daha stabil və sərfəli investisiya məkanı kimi qiymətləndiriblər.

Mütəxəssislər hesab edirlər ki, qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda Avropa bazarına yönələn bu cür böyük investisiya planları regionun maliyyə sabitliyinə və iqtisadi artımına müsbət təsir göstərə bilər.