Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının fasiləsiz nəqli enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır.
Finss.az xəbər verir ki, TAP-ın icraçı direktoru Luka Şipatti bu fikirləri 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində keçirilən “Neft və qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi” mövzusunda sessiyada səsləndirib.
“Biz Avropa hissəsini təmsil etdiyimiz Cənub Qaz Dəhlizi, həm bu gün, həm də gələcəkdə hasilat regionlarını Avropa bazarları ilə birləşdirən unikal bir marşrutdur. Bu, Avropa üçün çox müsbət genişlənmə perspektivləri təklif edir və son beş ildə enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə vermişik”, – deyə Şipatti vurğulayıb.
İcraçı direktorun sözlərinə görə, indiyədək TAP vasitəsilə Avropaya 47 milyard kubmetrdən çox təbii qaz nəql edilib ki, bunun 39 milyard kubmetri İtaliyaya çatdırılıb. TAP bu müddət ərzində çətin dövrlərdə Moldovaya da qaz nəqli həyata keçirib.
“Şaxələndirməyə böyük töhfə verdik. Bu, yalnız təhlükəsizlik baxımından deyil, həm də bazarda likvidlik, sənaye və ev təsərrüfatları üçün enerji qiymətlərinin sabitləşməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Luka Şipatti qeyd edib ki, TAP-ın bu uğurlu fəaliyyəti Azərbaycanın etibarlı və dayanıqlı qaz təchizatı sayəsində mümkün olub:
“Bu gün təqdim etdiyimiz nəticələr – Azərbaycanın qaz təchizatına fasiləsiz və davamlı güvənməyimizin nəticəsidir. Bu, əsas anlayışdır. Azərbaycan Avropaya sübut etdi ki, onların qaz hasilatı etibarlı və davamlıdır”.
Şipattinin sözlərinə görə, TAP yalnız qaz nəqli üçün infrastruktur deyil, əks axın və kommersiya əməliyyatları üçün də effektiv platformaya çevrilib. Hazırda 45 müştəri TAP infrastrukturundan istifadə edir.
“Hər gün real əməliyyat şəraitində ötürmə gücünü maksimum istifadə etmək üçün qısamüddətli yanaşmalar təqdim edirik. Uzunmüddətli perspektivdə isə əlavə qısamüddətli ötürmə imkanları yaradılacaq”, – deyə o bildirib.
TAP rəhbəri boru kəmərinin etibarlılığı və təhlükəsizliyi üçün tətbiq olunan müasir texnologiyalar haqqında da məlumat verib. Buraya real vaxt rejimində seysmik monitorinq, fiber-optik izləmə, sızma aşkarlama sistemləri, dron və peyk görüntüləri əsasında süni intellekt tətbiqləri, virtual təlim simulyatorları və elektron iş icazə platformaları daxildir.
“Bütün bu texnologiyalar TAP-ın gündəlik etibarlılığını və yüksək sənaye standartlarına uyğun fəaliyyətini təmin edir”, – deyə Şipatti çıxışını tamamlayıb.