BİZNES

04 İyun

ASCO-nun “Sərsəng” yedək gəmisi uğurla istismara verildi

Finss.az - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilən “Sərsəng” yedək gəmisi rəsmi olaraq istismara verilib.

Bu barədə məlumatı ASCO təqdim edib.

“Sərsəng” gəmisi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul olunub. Gəmi müasir texniki göstəriciləri və çoxşaxəli funksionallığı ilə seçilir. Onun uzunluğu 24,72 metr, eni 6,60 metr, bort hündürlüyü 3 metr, suya oturumu isə 1,6 metr təşkil edir. Gəmi maksimum 9 uzel sürətlə hərəkət edə bilir və göyərtəsində 3 tona qədər yük daşımaq imkanına malikdir.

“Sərsəng” bu zavodda inşa edilən sayca altıncı gəmidir. Daha əvvəl “ASCO 1”, “Tərtərçay”, “Həkəriçay”, “Bərgüşadçay” və “Azıx” adlı eyni tipli yedək gəmiləri də ASCO tərəfindən istifadəyə verilib.

Qeyd edək ki, gəmilərin layihələndirilməsi “ASCO Mühəndislik” MMC tərəfindən aparılıb və bu layihələr beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirilib. Yeni nəsil yedək gəmiləri liman akvatoriyalarında, reyd zonalarında və sahildən 20 dəniz milinə qədər məsafədə müxtəlif dəniz əməliyyatlarının – yedəkləmə, manevr, personal və yük daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulub.

2017-ci ildən bəri gəmilərin tikintisi üzrə rəsmi sertifikatlaşdırmaya malik olan ZGTTZ bu sahədə həm də yüksək səviyyəli təmir və mühəndislik xidmətləri göstərir.