BİZNES

02 İyun

“Embawood” MMC istehlakçı hüquqlarını pozdu

Finss.az - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2025-ci ilin yanvar-aprel ayları ərzində “Embawood” MMC-nin istehlakçı hüquqlarını məhdudlaşdıran qanunsuz müqavilə şərtləri və satılmış malların geri qaytarılması ilə bağlı qaydaların pozulması faktları üzrə inzibati protokollar tərtib edib.

Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin məlumatına əsasən, “Embawood” MMC qüsurlu məhsulların geri qaytarılmasından imtina edib, həmçinin istehlakçı ilə bağlanmış müqavilələrə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlardan kənar, istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər əlavə olunub.

Bu hallarla əlaqədar olaraq, 5 mart 2025-ci il tarixində Dövlət Agentliyi tərəfindən inzibati protokol tərtib olunub. Qeyd olunur ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 16-cı maddələri pozulub.

Hüquq pozuntularına Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması (İnzibati Xətalar Məcəlləsi, maddə 444.2) və istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi (İnzibati Xətalar Məcəlləsi, maddə 447.0.9) daxildir.

Dövlət Agentliyi vətəndaşları satın aldıqları məhsullarla bağlı hüquqlarını bilib qorumağa çağırır və belə halların qarşısının alınması məqsədilə monitorinqləri davam etdirəcəyini bildirir.