BİZNES

29 May

Azərbaycan-Türkiyə qaz ticarətində yeni rekord

Finss.az - 2025-ci ilin mart ayında Azərbaycan Türkiyəyə təbii qaz tədarükündə əhəmiyyətli mövqeyini daha da möhkəmləndirib.

Trend agentliyinin Türkiyənin Enerji Bazarlarını Tənzimləmə İdarəsi (EPDK) məlumatlarına istinadən verdiyi xəbərə görə, Azərbaycan mart ayında Türkiyəyə 1,043 milyard kubmetr təbii qaz idxal edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,20 faiz artımı əks etdirir.

Bu nəticə ilə Azərbaycan Rusiyadan sonra Türkiyəyə boru kəməri vasitəsilə təbii qaz tədarükündə ikinci ən böyük ölkə olub və aylıq bazarda İran İslam Respublikasını geridə qoyub. Həmin vaxt ərzində Türkiyə İrandan 561,10 milyon kubmetr qaz alıb ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.

Mart ayında Türkiyəyə ən çox qaz tədarük edən Rusiya Federasiyası isə liderliyini qoruyaraq 1,791 milyard kubmetr təbii qaz ixrac edib. Ümumilikdə, 2025-ci ilin martında Türkiyənin təbii qaz idxalı 6,996 milyard kubmetri ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,91 faiz artım deməkdir.

Boru kəməri ilə qaz idxalı 3,395 milyard kubmetr təşkil edib, bu da 10,40 faiz artım deməkdir. Eyni zamanda, sıxılmış təbii qaz idxalı 94,60 faiz artaraq 2,601 milyard kubmetr səviyyəsinə çatıb.