BİZNES

29 May

“İxrac icmalı”nın may sayı təqdim olunub

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-aprel aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 1,1 milyard  ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında yeyinti məhsullarının ixracı 12,1% artaraq 300,8 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon ABŞ dolları və ya 42,5%, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8%, qara metallar və onlardan
hazırlanan məmulatlar 4,1 milyon ABŞ dolları və ya 16,7%, meyvə-tərəvəz 26,8 milyon ABŞ dolları və ya 14,8 %, alüminium və ondan hazırlanan
məmulatlar 6,1 milyon ABŞ dolları və ya 9,8%, pambıq
iplik 360,9 min ABŞ dolları və ya 5,3% artıb.

Cari ilin ilk dörd ayında ixrac olunan aqrar məhsullar 14% artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9% artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,6 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (74,7 milyon ABŞ dolları) ikinci, karbamid (63,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (30,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (30,16 milyon ABŞ dolları) ikinci, pambıq (22,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin ilk dörd ayında Rusiya Federasiyasına 321,4 milyon ABŞ dolları, Türkiyəyə 187,7 milyon ABŞ dolları, Gürcüstana 105,8 milyon ABŞ dolları,  İsveçrəyə 100,5 milyon ABŞ dolları, Ukraynaya isə 63 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin aprel ayında Rusiya Federasiyasına 88,5 milyon ABŞ dolları, Türkiyəyə 53,3 milyon ABŞ dolları, İsveçrə 30,9 milyon ABŞ dolları,  Gürcüstan 25,1 milyon ABŞ dolları, Qazaxıstan isə 14,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-aprel ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC,"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "UNİTED ALLİANCE GROUP LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialı, "Baku Steel Company" QSC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti,"BİNƏ AQRO" QSC, "Sahdag Sy" Məhdud Məsuliyyətli Cəmiyyəti, "LEPIN LM" Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"Azərbaycan Hava Yolları" QSC,“Azərenerji” ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu” ASC.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsinə 5,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin aprel ayında isə “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2025-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,2 ABŞ milyon dolları ilə Lüksemburq, 255 min ABŞ dolları ilə Nigeriya, 238,6 min ABŞ dolları ilə Misir və 238,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

Zemfira Ms
Finss.az