BİZNES

27 May

Brent markalı neftin bir barreli 64,09 dollara düşüb

Çərşənbə axşamı günü axşam saatlarında neft qiymətlərindəki eniş səkkiz OPEC+ ölkəsinin iyul ayı üçün hasilatın artırılmasının müzakirə ediləcəyi toplantısı ərəfəsində güclənib.

Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:42-də Brent markalı iyul fyuçersləri Londonun ICE Futures birjasında 0,65 dollar (1%) ucuzlaşaraq bir barel üçün 64,09 dollar təşkil edib. Bu vaxta qədər WTI markalı neftin iyul fyuçersləri NYMEX birjasında 0,64 dollar (1,04%) ucuzlaşaraq bir barelə görə 60,89 dollar olub. Səkkiz OPEC+ ölkəsi iyul ayında neft hasilatının üçüncü ardıcıl olaraq sutkada 411 min barel artırılması imkanını müzakirə edir. Bazar iştirakçıları bunun artıq təklifin formalaşmasına səbəb ola biləcəyindən ehtiyat edirlər. Bir neçə mənbə daha əvvəl bildirib ki, hasilatı könüllü olaraq gündəlik 2,2 milyon barel azaldan səkkiz OPEC+ ölkəsinin nazirlərinin görüşü bazar günü deyil, şənbə günü baş tutacaq.

UBS analitiki Giovanni Staunovo bildirib ki, neft qiymətlərinin yüksəliş potensialı şənbə günü OPEC+ ilə bağlı hansı qərarın veriləcəyi bəlli olana qədər məhdud qalacaq.

Digər tərəfdən, kotirovkaların azalması ABŞ-Aİ ticarət razılaşması danışıqları ilə bağlı nikbinliyi azaldır. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp tərəflərə tariflərlə bağlı razılığa gəlmək üçün vaxt vermək üçün Aİ-dən malların idxalına tətbiq edilən 50%-lik rüsumun qüvvəyə minməsini iyulun 9-dək təxirə salmağa razılaşıb.

Mayın 27-də Tramp Avropa Birliyinin razılaşma əldə etmək səylərini yüksək qiymətləndirib.

"Mənə indicə məlumat verildi ki, Aİ görüşlərin tarixlərini tez razılaşdırmağa çağırıb. Bu, müsbət haldır", o, Truth Social-da yazıb.