Finss.az - Təsis etdiyimiz “Golden” MMC qiymətli metallardan zərgərlik məmulatlarının hazırlanması və satışı sahəsində fəaliyyət göstərir. Ay ərzində aldığımız qızılın bir hissəsini qəbul məntəqələrimizdə vətəndaşlardan alış aktı əsasında əldə etdiyimiz qızıl məmulatları təşkil edir. Lakin vətəndaşlardan qızıl məmulatlarının qəbulu üzrə çəkilən xərclərin gəlirdən tam çıxılmasına qanunla məhdudiyyət qoyulur. Əhalidən qızıl qəbulunu necə rəsmiləşdirək ki, bu alış üzrə çəkdiyimiz xərcləri gəlirdən çıxa bilək?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 109.8-ci maddəsində edilmiş dəyişikliklərə əsasən, gəlirdən çıxılan xərclərin yuxarı həddinin vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılmasında qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar istisna edilib.
Belə ki, Vergi Məcəlləsinin 109.8-cu maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.
Buna əsasən, qiymətli metallardan zərgərlik məmulatlarının hazırlanması və satışını həyata keçirən vergi ödəyicisi tərəfindən 2025-ci il yanvarın 1-dən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə çəkilmiş xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, tam şəkildə gəlirdən çıxılır.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 109.8-ci maddələri
©vergiler.az