BİZNES

27 May

Bazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi?

Finss.azMən geyimlərin topdan satışı ilə məşğulam və geyim satışı bazarında mağaza işlədirəm. Vergi uçotum var, lakin elektron qaimə-faktura təqdim etməklə satış apardığımdan, obyekti uçota alıb nəzarət-kassa aparatı quraşdırmamışam. 2025-ci ilin oktyabr ayında bazarın sahibi icarəyə götürdüyüm obyekti vergi orqanında uçota qoymağımı tələb edir. Bunu tələb etməyə onun hüququ varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinin tələblərinə əsasən, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınmalıdır və təsərrüfat subyektinin (obyektinin) vergi orqanına uçota alınmamasına görə mikro sahibkarlıq subyektlərinə münasibətdə 40 manat məbləğində, digər şəxslərə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bununla yanaşı, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun 3.1-ci maddəsinə əsasən, bazarlara nəzarətlə bağlı müddəalar qanun qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir. Qanun qüvvəyə mindikdən sonra kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq bazarların mülkiyyətçilərinin (bazarlar idarəetməyə verildikdə - idarəedicilərinin) vəzifəsi kimi müəyyən edilib.

Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bazarların mülkiyyətçiləri (idarəediciləri) tərəfindən vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.

Həmçinin, əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumat (arayış) əks etdirilməlidir.

Qeyd olunanlara əsasən, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) tərəfindən icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasının tələb edilməsi qanunun tələbidir və tərəfinizdən geyim satışı bazarından icarəyə götürdüyünüz təsərrüfat subyektinin vergi orqanında uçota alınması və onun girişində həmin təsərrüfat subyektinin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) təmin edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-15-ci, 16.1.11-16-cı, 16.1.11-17-ci, 33.2-ci, 57.3-cü, 58.2-1-ci və 58.15-2-ci maddələri, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanununun 2.1-ci və 3.1-ci maddələri

©vergiler.az