BİZNES

26 May

Azərbaycanda kənd təsərrüfatı ixracı artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 285,3 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.

Bu barədə Finss.az Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir.

Məlumata əsasən, ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıb. Bu, kənd təsərrüfatı məhsullarına olan xarici tələbatın artdığını göstərir.

Eyni zamanda, hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi faktiki qiymətlərlə 2 milyard 345,5 milyon manat təşkil edib. Bu göstəricinin 91,7 faizi və ya 2 milyard 151,5 milyon manatı heyvandarlıq sahəsinə, 8,3 faizi isə – 194 milyon manatı bitkiçilik sahəsinə aiddir.

Qeyd edək ki, cari ilin ilk dörd ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahələri üzrə yaradılan əlavə dəyərin ümumi daxili məhsuldakı (ÜDM) payı 3,3 faiz olub. Bu göstərici sektorda sabit artım tendensiyasını əks etdirir.

Fuad Mədətov
Finss.az