BİZNES

26 May

Azərbaycan Türkiyədən məhsul alışını artırıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1,95 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 88,1 milyon dollar və ya 4,3% azalma ilə müşayiət olunub.

Hesabat dövründə Türkiyə ilə ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 11,53%-ni təşkil edib. Beləliklə, Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşları arasında ikinci sırada qərarlaşıb.

İxrac və idxalda qeydə alınan dinamika
Cari ilin ilk dörd ayında Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların dəyəri 1,138 milyard dollar olub. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 170,8 milyon dollar və ya 13% azalma deməkdir. Eyni zamanda, Türkiyədən Azərbaycana idxal 811,4 milyon dollara çataraq, ötən ilin eyni dövrü ilə müqayisədə 82,6 milyon dollar və ya 11,3% artım göstərib. Bu göstərici Türkiyəni Azərbaycanın idxal tərəfdaşları arasında üçüncü pilləyə yüksəldib.

Xam neft ixracında kəskin azalma
Azərbaycanın Türkiyəyə neft və neft məhsulları üzrə ixracı ciddi şəkildə geriləyib. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyəyə 12,8 milyon dollar dəyərində 25,8 min ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları göndərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 85,7%, həcm baxımından isə 84,3% azalma deməkdir.

Qeyri-neft ixracında da azalma qeydə alınıb
Qeyri-neft sektoru üzrə ixracda da geriləmə müşahidə olunub. 2025-ci ilin ilk dörd ayında Türkiyəyə 187,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 milyon dollar və ya 8,6% azdır. Bununla belə, Türkiyə qeyri-neft ixracı üzrə Azərbaycanın ikinci ən böyük tərəfdaşı olaraq qalır. Qeyri-neft ixracında Türkiyənin payı 17,56% təşkil edib.

Ümumi xarici ticarət göstəriciləri
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan ümumilikdə 16,917 milyard dollar dəyərində xarici ticarət əməliyyatları aparıb. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3 milyard dollar və ya 24,1% artım deməkdir.

Dövr ərzində ixracın həcmi 8,785 milyard dollar, idxal isə 8,133 milyard dollar təşkil edib. Müvafiq olaraq, ixracda 7,5%, idxalda isə 48,8% artım qeydə alınıb. Lakin artan idxal fonunda xarici ticarət balansında kəskin azalma baş verib: müsbət saldo 651,8 milyon dollar olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard dollar və ya 4,15 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az