Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında emal sənayesində ümumi məhsul buraxılışı 6,411.1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə sənayenin müxtəlif fəaliyyət növlərində məhsul istehsalında fərqli dinamika müşahidə olunub.
Qida məhsullarının istehsalı 1,778.1 milyon manatla əvvəlki ilin müvafiq dövrünə nisbətən 12.5 faiz artıb. İçki istehsalında da 4.0 faiz artım qeydə alınaraq 240.9 milyon manat səviyyəsində olub. Tütün məmulatlarının istehsalı isə 3.4 faiz artaraq 282.0 milyon manata çatıb.
Əsas məhsullar arasında makaron məmulatlarının istehsalı 2,3 dəfə artarkən, viski və brendi istehsalı 35.3 faiz, araq istehsalı 14.7 faiz, marqarin istehsalı isə 3.0 faiz artım göstərib.
Digər sahələrdə də fərqli nəticələr müşahidə olunub: toxuculuq sənayesi 18.7 faiz artaraq 148.4 milyon manat, dəri və dəridən məmulatların istehsalı 20.1 faiz artaraq 7.3 milyon manat təşkil edib. Mebeldən başqa ağacın emalı isə 90.3 faiz artımla 9.7 milyon manat həcmində olub.
Eyni zamanda, geyim istehsalı 57.2 faiz azalaraq 32.5 milyon manat, metallurgiya sənayesi 16.7 faiz azalma ilə 307.3 milyon manat, tikinti materiallarının istehsalı isə 12.9 faiz azalma ilə 401.4 milyon manat səviyyəsində qeydə alınıb.