Finss.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 4 min 995 kommersiya qurumu dövlət qeydiyyatına alınıb.
Onların 89,5 faizi yerli, 10,5 faizi isə xarici investisiyalıdır. Qurumların 86,3 faizi elektron qaydada qeydiyyatdan keçib. Yerli investisiyalı MMC-lərdə bu göstərici 97,1 faizə çatıb.
Son illər aparılan islahatlar və investisiya mühitinin yaxşılaşdırılması nəticəsində Azərbaycan qeyri-neft sektorunda da xarici sərmayədarların marağını artırıb. 2023-cü ildə ölkəyə daxil olan birbaşa xarici investisiyaların həcmi 4,5 milyard dollar təşkil edib. Əsas sərmayəçilər sırasında Çin, Rusiya, Türkiyə və ABŞ yer alıb.
Müvafiq qanunvericilik yenilikləri, logistik infrastrukturun inkişafı və beynəlxalq reytinqlərdə irəliləyiş Azərbaycanı regionda cəlbedici investisiya mərkəzinə çevirib. Bununla belə, mütəxəssislər hüquqi sistemin təkmilləşdirilməsi və institusional şəffaflığın artırılması istiqamətində əlavə addımların vacibliyini qeyd edirlər.