Finss.az - Estoniyanın paytaxtı Tallin şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının 153-cü iclası keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA prezidenti Orxan Nəzərli iclasda çıxış edib. IOTA prezidenti qeyd edib ki, İcraiyyə Şurası təşkilatın strateji məqsədlərinə nail olmaq istiqamətində böyük səylə çalışır. Şuranın iclasında mühüm məsələlərin müzakirə olunduğunu vurğulayan Orxan Nəzərli qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyəti üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.
İclasda IOTA tərəfindən keçirilən tədbirlər və Təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təşəbbüslər barədə məlumat verilib. IOTA-da təmsil olunan ölkələrin birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb, ümumi məqsədlərə və ortaq dəyərlərə töhfələri diqqətə çatdırılıb.
İclasın davamında IOTA Katibliyi tərəfindən görülən işlər, İcraiyyə Şurasının 152-ci və 153-cü iclasları arasında Fəaliyyət Hesabatının layihəsi, 2024-cü ilin Maliyyə Hesabatının layihəsi, 2024–2025-ci illər üçün Daxili Auditorların Hesabatı, 2024-cü il üçün IOTA Strategiyasının İllik İcra Hesabatı və 2025-ci il üçün büdcənin icrası məsələləri müzakirə edilib.
Səfər çərçivəsində IOTA-nın prezidenti Orxan Nəzərli Estoniya Vergi və Gömrük Administrasiyasının baş direktoru Rayqo Ukqivi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri və rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub. Tərəflər təcrübə mübadiləsinin vacibliyini vurğulayaraq birgə layihələrin həyata keçirilməsi istiqamətində razılığa gəliblər. Orxan Nəzərli estoniyalı həmkarını IOTA-nın bu ilin 17-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək Baş Assambleyasında iştiraka dəvət edib.




Zemfira Ms
Finss.az