Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair KOBİA və VINEN arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan və Vyetnam iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Biznes Şura yaradılır. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və VINEN-in prezidenti Dinh Viet Hoa imzalayıblar.
Azərbaycan-Vyetnam Biznes Şurası hər iki ölkənin sahibkarlarının təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, birgə tədbirlərin təşkilinə, tərəflər arasında ticarət əlaqələrinin inkişafında faydalı ola biləcək məlumat mübadiləsinə köməklik göstərəcəkdir. İlkin mərhələdə Azərbaycan-Vyetnam Biznes Şurasının həmsədrlərinin müəyyən edilməsi və şuraya hər iki ölkədən iş adamlarının cəlb olunması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və VINEN-in prezidenti Dinh Viet Hoa arasında keçirilmiş görüşdə müvafiq memorandumdan irəli gələn məsələlər, eləcə də hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq və bu əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
VINEN-in prezidenti həmçinin, “Bakı KOB evi”nin fəaliyyəti, burada sahibkarlara göstərilən “G2B” və “B2B” xidmətlərlə tanış olub.


Zemfira Ms
Finss.az