Görüşdə Azərbaycan və FAO arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Finss.az - IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi arasında görüş keçirilib.
Nazir müavini İlhamə Qədimova Azərbaycanda aqrar sahədə həyata keçiriən tədbirlər, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb.
Bildirilib ki, Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanın ən mühüm beynəlxalq tərəfdaşlarından biridir. Azərbaycan FAO ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Nazir müavini qonaqlara Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin fəaliyyəti və kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi öz növbəsində Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnun olduğunu deyib. O qeyd edib ki, qlobal çağırışların təsirləri fonunda dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. FAO rəsmisi aqrar sahənin dayanıqlı inkişafı, səmərəli və peşəkar mütəxəssis bazasının formalaşdırılmasına yönəlmiş layihələrin bundan sonra da dəstəklənəcəyini vurğulayıb.
Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, “Azərbaycan üçün hərtərəfli təsərrüfatın dayanıqlılığının ölçülməsi sisteminin işlənib-hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək” layihəsi və digər yeni texniki əməkdaşlıq layihələrini başlatmaq imkanlarını, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.



Zemfira Ms
Finss.az