BİZNES

30 Aprel

Mercedes-Benz birinci rübdə xalis mənfəətini 1,7 dəfə azaldıb, proqnozlaşdırılandan da pis

Alman avtomobil istehsalçısı Mercedes-Benz Group AG 2025-ci ilin birinci rübündə xalis mənfəətini 1,7 dəfə, gəlirini 7% azaldıb və hər iki göstərici bazar proqnozlarından daha pis olub.

Finss.az xəbər verir ki, hesabat rübündə şirkətin xalis mənfəəti bir il əvvəlki 3,03 milyard avrodan 1,73 milyard avroya qədər azalıb. Rüblük gəlir bir il əvvəlki 35,9 milyard avrodan 33,22 milyard avroya düşüb.

FactSet-in sorğusuna qatılan analitiklər orta hesabla Mercedes-in xalis mənfəətini 35,01 milyard avro gəlirlə 2,03 milyard avro proqnozlaşdırmışdılar.

Avtomobil əməliyyatlarının gəlirliliyi bir il əvvəl 9%-dən 7,3%-ə düşüb.

Minik avtomobilləri istehsal edən Mercedes-Benz Cars-ın gəliri son rübdə 6% azalaraq 24,24 milyard avroya, yüngül yük avtomobilləri istehsal edən Mercedes-Benz Vans-ın gəliri isə 17% azalaraq 4,08 milyard avroya düşüb. Mercedes-Benz Mobility bölməsinin gəliri 6% azalaraq 6,22 milyard avroya düşüb.

Şirkətin minik avtomobillərinin satışı birinci rübdə 4% azalaraq 446,3 min ədəd təşkil edib. O cümlədən, elektriklə işləyən avtomobillərin satışı 14% azalıb.

Yüngül yük maşınlarının satışı 21% azalıb.

Mercedes-Benz qeyd edib ki, ABŞ-ın idxal tarifləri ilə bağlı yüksək qeyri-müəyyənlik və digər ölkələrin potensial cavab tədbirləri səbəbindən şirkət cari ilin qalan hissəsi üçün etibarlı proqnozlar verə bilmir.

Tariflərin potensial təsirlərini istisna edən proqnozlar qüvvədə qalır. Mercedes-Benz daha əvvəl 2025-ci ildə avtomobil satışlarının bir qədər azalacağını gözlədiyini və avtomobil əməliyyatlarında marjanın 6% ilə 8% arasında olacağını proqnozlaşdırdığını söylədi.