BİZNES

30 Aprel

Azərbaycanın farmasevtika sənayesi beynəlxalq bazarlara yönəlir

Finss.az - 28 aprel tarixində Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə Biznes Şurası iclasında, Parla Pharmaceuticals şirkəti Azərbaycanın farmasevtika sənayesinin inkişafında mühüm bir addım atıb.

İclasda KOBİA-nın həmsədrliyi ilə Səudiyyə Ərəbistanının National Development Group Holding şirkəti ilə qarşılıqlı anlaşma Memorandumu (MoU) imzalanıb.

Bu əməkdaşlıq, Azərbaycanda istehsal olunan yüksək keyfiyyətli biotexnoloji və onkologiya preparatlarının Səudiyyə Ərəbistanına və digər Yaxın Şərq, Fars Körfəzi və Afrika ölkələrinə ixracına başlanmasını təmin edəcək. Gələcək mərhələlərdə elmi və texnoloji inkişafların transferi və Krallıqda birgə istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur.

Parla Pharmaceuticals şirkətinin baş direktoru Arash Nosrati, əməkdaşlığın yalnız kommersiya müstəvisində deyil, həm də elmi potensialın inkişafı və Azərbaycan məhsullarının beynəlxalq bazarda tanıdılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Şirkət, həmçinin qabaqcıl dərman preparatlarının ixracını nəzərdə tutub. Bu dərmanlar arasında Rekombinant VIII faktoru, Teriparatid, Semaglutid və Palbociklib yer alır.

Bu addım, Azərbaycanın farmasevtika sahəsində beynəlxalq bazarlarda daha da möhkəmlənməsinə və qlobal genişlənmə hədəflərinə doğru əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.