Finss.az - Ölkəmiz beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində də sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və KOB-ların dəstəklənməsi istiqamətində mühüm işlər görür.
Bunu Sahibkarlar Gününə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan “Konstitusiya və Suverenlik”: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
Elnur Əliyevin sözlərinə görə, Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər tərəfdaşların texniki və maliyyə dəstəyi nəticəsində bir sıra proqram və layihələr həyata keçirilir.
"Bu proqramlar çərçivəsində sahibkarlara güzəştli maliyyə alətlərinə çıxış, biznes bacarıqlarının artırılması, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyata keçid istiqamətində dəstək göstərilməsi nəzərdə tutulur. Xüsusilə, KOB-ların rəqabətqabiliyyətliliyinin artırılması, innovativ və ixracyönümlü fəaliyyətlərinin təşviqi beynəlxalq tərəfdaşlıq gündəliyinin əsas prioritetlərindəndir",- Elnur Əliyev qeyd edib.
Nazirin birinci müavini əlavə edib ki, Azərbaycan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da möhkəmləndirir. Türkiyə və Pakistanla preferensial ticarət sazişləri imzalanıb. Bu sazişlərə əsasən, tərəfdaş ölkələrlə müəyyən edilmiş məhsullar üzrə gömrük rüsumlarının azaldılması və ya tamamilə aradan qaldırılması qarşılıqlı ticarətin inkişafına təkan verir, sahibkarların ixrac imkanlarını artırır.
"Ölkəmizin investisiya mühitini inkişaf etdirmək məqsədilə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, BƏƏ ilə birgə investisiya fondları yaradılıb. Həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis olunan Türk İnvestisiya Fondu qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır. Sahibkarlar təşəbbüslərini artıraraq, bu beynəlxalq maliyyə mexanizmlərindən faydalana, tərəfdaş ölkələrlə birgə layihələr icra edə, bizneslərini genişləndirə bilərlər",- Elnur Əliyev qeyd edib.