BİZNES

25 Aprel

SOCAR Bakı-Supsa kəmərinin gələcək istifadəsi üçün tərəfdaş təkliflərini nəzərdən keçirməyə açıqdır

“SOCAR Midstream Operations” şirkəti Bakı-Supsa boru kəməri vasitəsilə neft nəqlinin bərpası istiqamətində potensial tərəfdaşların təkliflərini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Finss.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama "GLENMAR Group"un təşkilatçılığı ilə keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Treydinqi və Logistikası Forumu”nda SOCAR Midstream Operations-un Biznesin İnkişafı bölməsinin rəhbəri Rüfət Qəmbərov tərəfindən verilib.

Onun sözlərinə görə, hazırda kəmərlə neftin nəqli dayandırılsa da, bu marşrut həm hasilatçılar, həm də treyderlər üçün maraqlı olaraq qalır.

“Bu marşrut xüsusilə Qara dəniz sahilində yerləşən neft emalı zavodları üçün böyük əhəmiyyət kəsb edir. Çünki Bakı-Supsa kəməri ilə nəql edilən neft kimyəvi xüsusiyyətlərinə görə bu zavodlarda emal üçün optimaldır. Bu da marşruta rəqabət üstünlüyü qazandırır,” – deyə R.Qəmbərov bildirib.

O qeyd edib ki, bu xüsusiyyətlər xüsusilə Bolqarıstan və Rumıniyadakı neft emalı müəssisələri üçün aktualdır.

R.Qəmbərov əlavə edib ki, mevcut şəraitin gələcəkdə dəyişəcəyi və kəmərin fəaliyyətinin bərpa olunacağı ehtimalı yüksəkdir. Bu baxımdan SOCAR və “SOCAR Midstream” olaraq, dövlət adından bu layihənin yenidən istifadəsi üçün təklifləri dəyərləndirməyə açıqdırlar.

“Gələcəkdə bu marşrut strateji əhəmiyyət daşıya bilər və biz potensial tərəfdaşlarla əməkdaşlığa açığıq,” – deyə o vurğulayıb.

Fuad Mədətov
Finss.az