Finss.az - Bildiyimiz kimi, ötən ilin dekabr ayında ölkə başçısı Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, "Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” yenilənib. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi və onların yerinə yetirilməsinə nəzarət İqtisadiyyat Nazirliyinə həvalə olunub. Bu istiqamətdə məlumatlılığın artırılması məqsədilə Dünya Bankı tərəfindən təlimlərə start verilib. Dünya Bankının dövlət investisiyalarının idarə edilməsi üzrə eksperti Martin Dersi qaydaların investisiya layihələrinin idarə edilməsində rolu barədə müsahibəsini təqdim edirik.
- Cənab Dersi, yeni təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları" dövlət investisiya layihələrinin idarə edilməsində səmərəliliyin yüksəldilməsinə nə kimi töhfələr verəcək?
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıqda dövlət investisiyalarının idarə edilməsi sahəsində müasirləşmə və yenilənmə diqqət mərkəzindədir. Bu baxımdan, digər ölkələrdə dövlət investisiyalarının idarə edilməsi üzrə qabaqcıl təcrübələri bölüşməyimiz önəm kəsb edir. Azərbaycanda bu sahədə keyfiyyət əsaslı sistemin üzərində qurulan qaydaların qəbul edilməsi də mühüm məsələdir.
Bu qaydalar dövlət investisiya layihələrinin idarə edilməsi prosesində ardıcıllığın təmin olunmasını stimullaşdıracaq, həmin layihələrin idarə edilməsində proqnozlaşdırıla bilən ssenarilərin qurulması mümkün olacaq. Çoxillik təcrübəmdən çıxış edərək deyim ki, layihə nə qədər yaxşı hazırlansa, onun icrası bir o qədər rahat həyata keçər.
- Dünya Bankının dəstəyi ilə bu sahədə keçirilən təlimlərin məqsədi nədir?
- Burada iki əsas məqsəd var. Birincisi məlumatlılığın artırılmasıdır. Ələlxüsus, yeni qəbul olunan qaydalara və qaydalardan irəli gələrək təsdiqlənmiş şablonlara dair məlumatlılığı və bilikləri artırmaqdır. Hazırda həmin şablonların formatına dair son düzəlişlər aparılır. İkinci məqsəd odur ki, belə tədbirlər, müzakirələr, məsləhətləşmələr çərçivəsində müvafiq maraqlı tərəflər, cavabdeh qurumların nümayəndələri həmin şablonlarla daha ətraflı tanış olsunlar, eyni zamanda, şablonlara dair təkliflərini versinlər.
- Keçirilən təlimlərdən sonra nə kimi nəticələr əldə ediləcək?
- Qaydaların daha dərindən öyrənilməsinə ehtiyac var ki, onlar daha dəqiq tətbiq edilsinlər. Məsələn, keçirdiyimiz təlimdə iştirakçılar qaydalarla daha yaxından tanış oldular, eyni zamanda, şablonlara dair əhatəli biliklər əldə etdilər. Qeyd etməliyəm ki, təlim iştirakçılarının önəmli bir hissəsi təlimin sonunda keçirdiyimiz testdən 100 faiz nəticə əldə edib.
Təlimlərlə bağlı uzunmüddətli nəticə isə ondan ibarət ola bilər ki, dövlət investisiya layihələrinin proqnozlaşdırılması mümkün olan nəticələri daha asanlıqla proqnozlaşdırılacaq. Çünki dövlət investisiya layihələrinin proqnozlaşdırıla bilən icrası çox vacibdir. Heç kim istəməz ki, layihənin icrası zamanı gözlənilməyən hallar ortaya çıxsın.
©vergiler.az