BİZNES

23 Aprel

Zəngəzur dəhlizinə açılan qapı: Bakı–Pekin strateji körpüsü - Zəfər Məmmədov

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri təkcə Azərbaycanla Çin arasında diplomatik münasibətlərin yüksək səviyyəsini deyil, həm də ölkəmizin beynəlxalq aləmdə artan siyasi çəkisini və iqtisadi nüfuzunu bir daha nümayiş etdirdi.

Bu barədə Finss.az-a açıqlamasında “Zəfəroğlu İnşaat” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Zəfər Məmmədov bildirib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən rəsmi mərasimlə, tam tərkibdə hökumət heyəti ilə qarşılanması Azərbaycanın Asiya ilə əlaqələrinin yeni mərhələyə keçdiyindən xəbər verir:

"Səfər çərçivəsində imzalanan 20 mühüm əməkdaşlıq sənədi sadəcə formal razılaşmalar deyil – bu sənədlər gələcəyin nəqliyyat dəhlizləri, texnoloji körpüləri və siyasi sabitlik platformalarının əsasını təşkil edir: Xüsusilə diqqət çəkən məqam odur ki, bu sənədlər yalnız iqtisadiyyat və ticarətlə məhdudlaşmır – burada yaşıl enerji, rəqəmsal texnologiyalar, hüquqi əməkdaşlıq və hətta kosmik sahələri də əhatə edən geniş spektr nəzərdə tutulur.”

Z.Məmmədov qeyd edib ki, bu strateji yaxınlaşma fonunda Zəngəzur dəhlizi artıq nəzəriyyə mərhələsindən çıxaraq praktiki reallığa çevrilmək üzrədir:

“Çin kimi iri və uzaq bir dövlətin bu qədər maraq göstərməsi təsadüfi deyil. ‘Bir Kəmər – Bir Yol’ təşəbbüsü çərçivəsində Avrasiya məkanında yeni alternativlər axtaran Çin üçün Azərbaycan və onun ərazisindən keçəcək Zəngəzur dəhlizi sabit, təhlükəsiz və real bir marşrut təqdim edir.

Azərbaycan isə bu mənzərədə yalnız tranzit ölkə deyil – əksinə, prosesləri yönləndirən, təşəbbüsləri irəli sürən, istiqamət verən lider bir dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, ağıllı və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan təkcə regional deyil, həm də qlobal əhəmiyyətə malik strateji tərəfdaşlıqların mərkəzinə çevrilməkdədir.”

Z.Məmmədov əlavə edib ki, bu gün baş tutan Çin səfəri illərlə düşünülmüş və mərhələli şəkildə reallaşdırılmış bir xarici siyasət kursunun məntiqi nəticəsidir:

“Bu gün Çində Azərbaycan Prezidentinə göstərilən yüksək ehtiram – sabah Zəngəzur dəhlizi üzərindən keçəcək beynəlxalq ticarət qatarlarının səsi olacaq.”

Fuad Mədətov
Finss.az