Müasir biznes mühiti sürətlə dəyişir və şirkətlər rəqabət qabiliyyətini qorumaq üçün effektiv idarəetmə xidmətlərinə ehtiyac duyurlar. Bu çərçivədə biznes konsaltinq xidmətləri müəssisələrə optimal həllər təklif edərək onların inkişafına töhfə verir.
Bu barədə Fins.az-a danışan "MarLab” şirkətinin rəhbəri, marketoloq Əli Bədəlovun sözlərinə görə, biznes konsaltinq biznesin ehtiyacından, hədəf və məqsədlərindən, problemindən asılı olaraq axtardığı həllərə kənar baxışı, uyğun təcrübəni, ekspertizanı cəlb etməsidir. O bildirib ki, biznes konsultant biznes bələdçisidir və sahibkarlara müxtəlif istiqamətlərdə dəstək verir.
Xidmət sahələrinə toxunan ekspert qeyd edib ki, biznes konsaltinq əsasən üç səviyyədə təklif edilir:
- Biznes strategiyaları – uzunmüddətli inkişaf və bazar mövqeyinin möhkəmləndirilməsi üçün həllər;
- Biznes sistemləri – idarəetmə və daxili proseslərin optimallaşdırılması;
- Biznes əməliyyatları – gündəlik fəaliyyətlərin effektivliyinin artırılması.
Əlavə olaraq, bu xidmətlər coğrafi mövqeyə, biznes sahələrinə və funksional istiqamətlərə görə də fərqlənə bilər.
Ümumiyyətlə, mütəxəssislər hesab edirlər ki, düzgün biznes konsaltinq xidmtələri tətbiq edən şirkətlər daha çevik qərarlar qəbul edə, bazarda dayanıqlı mövqe tuta və uzunmüddətli uğura nail ola bilərlər.
Fuad Mədətov
Fins.az